Baş səhifə  arrow Yeniliklər arrow 
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi Print
   05 Dekabr 2011, saat 11:25
Image
Bu gün “Hilton Baku” otelində 6 Dekabr - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr olunmuş mərasim keçirildi.

Tədbiri giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov AR Prezidenti İlham Əliyevin sərəncamı ilə artıq 5 ildir ki, ölkəmizdə bu əlamətdar hadisənin qeyd olunduğunu bildirərək İKT-nin bu gün sosial-iqtisadi inkişafda mühüm infrastruktur kimi bütün fəaliyyət sahələrinə dinamik təsiri ilə fərqləndiyini bildirdi. Nazir bildirdi ki, dövlət başçısının bu sahəyə xüsusi diqqət və dəstəyi qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinə zəmin yaratmışdır: “Əsas hədəf Azərbaycanda İKT-nin inkişaf səviyyəsini inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırmaqdır. Ölkə ərazisində müasir rabitə və İT xidmətlərinin əlyetərli olması iqtisadi artımın tempini, həyat səviyyəsinin keyfiyyətini, dövlət idarəçiliyində səmərəliyi müəyyən edir”.

İKT-nin inkişafının əsas göstəricilərindən birinin də yeni informasiya xidmətlərinin təşkili olduğunu qeyd edən Ə.Abbasov bu gün ölkədə kosmik sənaye və nanotexnologiyalardan geniş istifadə etməklə İT-nin, həmçinin İnternetin inkişafı sahəsində görülən işlərin əhəmiyyətindən söhbət açdı. “Təhsil, elm və iqtisadiyyat vəhdət təşkil etməlidir” – bildirən nazir Azərbaycanın İKT profilli şirkətlərinin beynəlxalq bazarlara çıxarılmasının vacibliyini də qeyd etdi.

Sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə səmərəli fəaliyyətlərinə görə “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Əməkdar mühəndis” fəxri adlarına layiq görülən rabitə və İT sahəsində çalışan bir qrup alim və mütəxəssis müvafiq orden və medallarla, fəxri adlarla təltif edildilər.

Qeyd edək ki, mükafatlandırılanlar içərisində AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Mahmud Vəlibəyov və İTİ-nin şöbə müdiri Təhmasib Fətəliyev də var idi.

Tədbirdə həmçinin akademik İsmayıl İbrahimov, AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, Milli Məclisin deputatı Asəf Hacıyev, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov və AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev çıxış etdilər. Natiqlər Azərbaycanda rabitə və İKT-nin inkişaf tarixinə qısa ekskurs edərək, bu sahədə mühüm nəticələrin əldə olunması üçün qəbul edilən dövlət proqramlarının, həyata keçirilən iri miqyaslı layihələrin, innovativ təfəkkürə malik İT-kadrların hazırlanması istiqamətində aparılan işlərin əhəmiyyətindən söhbət açdılar.

Mərasimdə həmçinin Azərbaycanda rabitənin yaradılmasının 130 illiyinə həsr olunmuş film nümayiş etdirildi. Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət oxundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.