Baş səhifə  arrow Yeniliklər arrow 
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qars Qafqaz Universiteti arasında videokonfrans keçirildi Print
   11 Aprel 2011, saat 12:58
Image
Müasir dövrdə innovativ elm və təhsil modelinin qurulması istənilən ölkə siyasətinin prioritet istiqamətlərindəndir. Hər iki sahədə qabaqcıl informasiya texnologiyalarının səmərəli tətbiqi, İKT infrastrukturunun inkişaf etdirilməsi modernləşmə strategiyasının həyata keçirilməsinə birbaşa təsir edən amillərdəndir. Təsadüfi deyil ki, hazırda dünyada İKT üzrə peşəkar mütəxəssislərin hazırlanması məqsədilə elmi-tədqiqat institutları və mərkəzlər, nüfuzlu universitetlər arasında innovativ bilik və təcrübə mübadiləsinin aparılmasına, bu proseslərdə müstəsna rol oynayan informasiya texnologiyalarının və qlobal şəbəkənin dinamik inkişafı məsələlərinə xüsusi diqqət yetirilir, intellektual potensialın inkişafına dəyəri milyardlarla ölçülən investisiya yatırılır.

Qlobal elm və təhsil məkanına inteqrasiya edən Azərbaycanda hər iki sahənin qarşısında duran başlıca vəzifə qabaqcıl texnologiyalar əsasında innovativ inkişafa nail olunması, yeni tədris mexanizmlərinin işlənilməsi, təlim-tədris prosesində yeni elmi-metodiki nailiyyətlərin tətbiq edilməsidir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində mühüm məsələlərdən biri də gənc nəslin innovativ inkişafında böyük önəm kəsb edən və informasiya cəmiyyətinin yeni tədris modeli olan distant tədris sisteminin tətbiqidir.

Ölkəmizdə yeni təlim formalarının, o cümlədən distant tədrisin inkişafı və tətbiqi, interaktiv tədris imkanlarından geniş istifadə istiqamətində kompleks işlər həyata keçirilir. Respublikanın bütün elm və təhsil müəssisələrində qabaqcıl texnologiyalar əsasında distant tədris mərkəzlərinin yaradılması istiqamətində mərhələli şəkildə tədbirlər görülür. AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Distant Tədris Mərkəzinin açılışı da buna bariz nümunədir. Tədbirdə AMEA İTİ, Naxçıvan Dövlət Universiteti (NDU) və Qars Qafqaz Universiteti arasında videokonfrans keçirildi.

Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrlə videobağlantıda blokada şəraitində olmasına baxmayaraq dünyada gedən qloballaşma prosesindən kənarda qalmayan Naxçıvanda “E-Azərbaycan” Dövlət Proqramı çərçivəsində görülən tədbirlərdən, əldə olunan nailiyyətlərdən söhbət açıldı. Universitetin rektoru, akademik İsa Həbibbəyli biliklər iqtisadiyyatına inteqrasiya proseslərinin geniş vüsət almasının İT və innovasiya sektorunda kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi məsələlərini zəruriləşdirdiyini, bunun isə, öz növbəsində, xarici dilləri mükəmməl bilən, informatika və İKT biliklərinə dərindən yiyələnən, beynəlxalq təcrübəni yüksək səviyyədə mənimsəyən mütəxəssislərə tələbat artımının göstəricisi olduğunu qeyd etdi. O, AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən NDU-nun elmi-tədqiqat və təhsil müəssisələrinin aspirant və dissertantlarına distant tədris sistemi vasitəsilə informatika fənninin tədrisi ilə bağlı müxtəlif kurs və treninqlərin, layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. İnstitutda Distant Tədris Mərkəzinin açılışının Azərbaycanın təhsil sisteminin innovativ inkişafına dəyərli töhfələr verəcəyini söylədi.

Mərasimdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev öncə Naxçıvan Dövlət Universitetinin elm və təhsil ictimaiyyətinə bu əlamətdar hadisə münasibətilə AMEA prezidenti akademik Mahmud Kərimovun təbriklərini yetirdi. Alim elm və təhsil müəssisələrində qabaqcıl texnologiyalara əsaslanmış innovativ distant tədris sistemlərinin tətbiqini informasiya cəmiyyəti ideologiyasının bərqərar olmasında əsas prinsiplərdən biri kimi dəyərləndirdi. Sistemin tətbiqinin Azərbaycan regionları ilə Bakının elm və təhsil müəssisələri, o cümlədən dünyanın nüfuzlu universitetləri arasında davamlı əməkdaşlıq əlaqələrinin yaradılması, təhsilin keyfiyyətinin artırılması, müxtəlif elm sahələri üzrə kursların təşkili baxımından yeni perspektivlərin yaranmasına xidmət etdiyini bildirdi. Alim Bakı-Naxçıvan-Qars elm və təhsil müəssisələri arasında keçirilən videokonfransı ölkəmizdə distant tədrisin təşəkkülü istiqamətində atılmış növbəti addımlardan biri kimi səciyyələndirdi.

Distant təhsil sisteminin informasiya-kommunikasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində dinamik inkişaf edən elmin təhsil sisteminə inteqrasiyası proseslərinin sürətləndirilməsində, yüksək ixtisaslı, rəqabətədavamlı kadrların yetişdirilməsində, dünyanın aparıcı universitetləri ilə davamlı əlaqələrin yaradılmasında, alim, mütəxəssis və tələbələr arasında bilik və təcrübə mübadiləsinin aparılmasında, o cümlədən respublikamızın və digər dövlətlərin ali təhsil ocaqlarında keçirilən elmi-praktiki konfrans və seminarların yayımında, videogörüşlərin təşkilində mühüm rol oynadığını bildirdi. İnstitutda gənc nəslin yeni cəmiyyətin tələblərinə uyğun olaraq formalaşmasında, lazımi biliklərin əldə edilməsində mühüm rol oynayan distant təhsilin tətbiqi problemlərinin araşdırılması, həmçinin milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlərin aparıldığını söylədi. Cəmiyyətin intellektual potensialının formalaşması, maariflənməsi, bilik mübadiləsi və təbliğində böyük əhəmiyyət kəsb edən bu təhsil formasının üstünlüklərindən söhbət açdı. İnformasiya cəmiyyəti prinsiplərinin davamlı şəkildə müvəffəqiyyətlə həyata keçirilməsi məqsədi ilə bu gün dünyanın aparıcı ölkələrinin texniki profilli universitetləri ilə əməkdaşlıq əlaqələrinin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinin xüsusi önəm kəsb etdiyini vurğulayaraq yeni yaradılan Mərkəzdə alim və mütəxəssislər tərəfindən regionlarda yerləşən ali təhsil müəssisələrinin tələbələrinə mühazirələrin oxunmasının, o cümlədən dünyanın nüfuzlu İT-universitetləri ilə videokonfransların təşkilinin həyata keçiriləcəyini qeyd etdi.

Ölkəmizdə təhsil sisteminin dinamik inkişafına istiqamətlənmiş dövlət proqramlarının qəbulunun təhsilin innovativ texnologiyalar əsasında inkişaf etdirilməsi, keyfiyyətinin yüksəldilməsi, vahid təhsil məkanının formalaşdırılması, Azərbaycanın təhsil sisteminin dünyanın təhsil məkanına inteqrasiyası məqsədlərinə xidmət etdiyini qeyd edən R.Əliquliyev ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu strategiyasının və “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Ölkə başçısı tərəfindən qəbul edilən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)”nın qeyd olunan məsələlərin səmərəli və kompleks həllinə yönəldiyini bildirdi, bu hədəflərin daha uğurla həyata keçirilməsinin isə yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi və cəmiyyətə inteqrasiyası proseslərinin sürətləndirilməsi ilə bilavasitə əlaqəli olduğunu qeyd etdi.

Bu gün Azərbaycanın müxtəlif regionlarında İKT-nin geniş tətbiqi, şəbəkənin dinamik inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü bildirən alim blokada şəraitində olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasının da bu proseslərdən kənarda qalmadığını bildirdi. O, Muxtar Respublikada gənc nəslin innovativ inkişafına xidmət edən təhsil sistemində İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması, kreativ, peşəkar və mobil kadrların hazırlanması, müasir texnologiyaların yaratdığı geniş imkanlar sayəsində bilik və təcrübə mübadiləsinin aparılması istiqamətində məqsədyönlü işlərin aparıldığını bildirdi. 2005-ci ildən etibarən “E-Azərbaycan” Dövlət Proqramının tərkib hissəsi olan “E-Naxçıvan” Dövlət Proqramının həyata keçirilməsinə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən böyük dəstək və qayğı göstərildiyini bildirərək bu istiqamətdə mühüm addımların atıldığını söylədi. İnstitut direktoru Tunis sammiti ərəfəsində təşkil olunmuş ümumdünya sərgisində “E-Naxçıvan” proqramının konseptual əsasları və məqsədlərinin nümayiş etdirildiyini, beynəlxalq qurum və təşkilatların xüsusi marağına səbəb olduğunu bildirdi.

"Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın qəbulundan, respublikamızda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması istiqamətində görülən işlərdən də söhbət açan professor 2012-ci ildə Azərbaycanın ilk milli süni peykinin orbitə çıxarılacağını və bu hadisənin Azərbaycanın, xüsusən də Naxçıvanın dünyaya inteqrasiyasında böyük önəm daşıdığını bildirdi. İnformasiya blokadasında olan Naxçıvanın bu peyk vasitəsilə dünyanın televiziya və radio kanallarına, qlobal şəbəkəyə çıxışına real zəmin yaranacağını, qardaş Türkiyə, həmçinin digər qonşu dövlətlərin elm və təhsil sahəsində nailiyyətləri ilə bölüşməsində, müntəzəm kursların təşkilində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Qars Qafqaz Universiteti ilə videobağlantıda universitetin rektoru, professor Sami Özcan da çıxış edərək bu əlamətdar hadisə münasibətilə elm və təhsil ictimaiyyətini təbrik etdi. Rəhbərlik etdiyi universitetdə distant tədris sisteminin tətbiqi, yeni distant tədris modellərinin işlənilməsi və inkişafı istiqamətində görülən işlər haqqında məlumat verdi. Alim, mütəxəssis və tələbələr arasında virtual körpü rolunu oynayan bu sistemin üstünlüklərindən söhbət açdı. Müxtəlif səpkili tədbirlərin keçirilməsi, alimlərin bu proseslərdə yaxından iştirakı, bilik və təcrübə mübadiləsinin aparılmasına xidmət edən layihələrin təşkilinin önəmliyini vurğulayaraq bu işdə əməyi olanlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.