Baş səhifə  arrow Yeniliklər arrow “Vikipediya. Virtual ensiklopediya” kitabı işıq üzü gördü
“Vikipediya. Virtual ensiklopediya” kitabı işıq üzü gördü Print
   22 İyun 2010, saat 04:10
Image
Kitabda Vikipediyanın yaranma tarixi, hazırkı vəziyyəti haqqında məlumat verilir, mövcud problemlərə toxunulur. Kitabda ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilir. Eyni zamanda, Vikipediya fəlsəfəsi, Vikipediya layihəsini idarə edən Vikimedia Fondunun fəaliyyəti və Vikipediyanın törəmə layihələri haqqında geniş məlumat verilir. Kitabda Vikipediyada məqalələrin yaradılması qaydalarına və ensiklopediyada qəbul olunmuş ümumi şablonlara həsr edilmiş məlumatlar da mövcuddur ki, onlardan istifadə etməklə sərbəst, müxtəlif mövzulara həsr edilmiş məqalələr yaratmaq və redaktələr etmək mümkündür. “Vikipediya. Virtual ensiklopediya” kitabında, həmçinin Vikipediyada baş verən informasiya müharibələri haqqında da geniş danışılır, bununla bağlı problemlər açıqlanır və İnternet mühitində fəaliyyət göstərən digər populyar ensiklopediyalar haqqında da zəruri məlumatlar verilir.

İnformasiya texnologiyalarının inkişafı, cəmiyyətin ayrı-ayrı sahələrinə inteqrasiyası və ümumiyyətlə, informasiya cəmiyyətinin (İC) formalaşması ilə əlaqədar insanların informasiyaya, İnternetə münasibəti dəyişməkdədir. Bu gün İnternet cəmiyyətdə mühüm fenomenə çevrilməkdədir. İnternet hər kəsə siyasi, mədəni, sosial və digər qlobal məsələlərin həllinə öz töhfəsini vermək imkanı yaradır.

Virtual məkanda hər bir dövlətin gücü və qüdrəti onun malik olduğu elektron informasiya resurslarının xüsusi çəkisi ilə ölçülür. Təsadüfi deyildir ki, hazırda dünyanın bir çox inkişaf etmiş dövlətləri virtual məkanda siyasi baxışlarını və maraqlarını təbliğ etmək üçün sistemli və ardıcıl iş aparırlar.

XXI əsrdə informasiya təhlükəsizliyi məsələsi hər bir dövlətin xarici və daxili siyasətində mühüm rol oynayır. Dövlətin iqtisadi inkişafı və beynəlxaq aləmdə uğurları, eyni zamanda ona qarşı yönəlmiş informasiya təcavüzünün qarşısının alınmasından da asılıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni dəyərlərimizin tanınmasında, dilimizin inkişafında İnternetin özünəməxsus yeri vardır. Respublikamız haqqında məlumatların virtual məkanda yayımı müasir informasiya texnologiyaları ilə silahlanmış, yüksək səviyyəli mütəxəssislərin sayının artırılması nəticəsində mümkündür.

Xalqımızın milli maraqları Respublika Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında qeyd olunduğu kimi təkcə real dünyada yox, həm də virtual dünyada təmin olunmalıdır.

Azərbaycanın informasiya mühitinin təhlükəsizliyini təmin etmək, onu virtual təcavüzdən, informasiya hücumlarından müdafiə etmək üçün, ilk növbədə, İnternet məkanda fəal olmalıyıq. Virtual məkanın bir seqmenti kimi Virtual Azərbaycanın formalaşması və genişlənməsində hər bir azərbaycanlının, xüsusən, gənclərin iştirakı vacibdir. Bu gün İnternet mühitində müxtəlif layihələr həyata keçirilir. Belə nəhəng layihələrdən biri də Vikipediya (Wikipedia) virtual ensiklopediyasıdır.

Vikipediya ensiklopediyası 15 yanvar 2001-ci ildə fəaliyyətə başlamış, İnternet şəbəkəsində yerləşdirilməsindən bir-neçə il sonra dünyanın ən populyar 10 saytı sırasına daxil olmuşdur. 2009-cu ildə isə Vikipediya ensiklopediyası İnternetdə fəaliyyət göstərən təxminən 230 milyon sayt arasında müraciətlərin sayına görə birinci yeri tutmuşdur. 2010-cu ilin may ayına olan məlumata görə, Vikipediya ensiklopediyasında 15,7 mln. məqalə yer alır. Bu gün Vikipediya müxtəlif sosial sahələr üçün nəzərdə tutulmuş yeni, zəngin informasiya resursudur. Vikipediya ensiklopediyasında əsas məqsəd informasiyanın sərbəst, maneəsiz paylanması, tez bir zamanda dolğun biliyin əldə edilməsi olduğundan, dünyada bu virtual ensiklopediyaya maraq artmaqdadır.

Vikipediya virtual ensiklopediyası İnternet mühitindəki layihələrdən tamamilə fərqli olan, biliklərini paylaşmağa hazır insanlar sayəsində formalaşan, dünyanın ən dolğun on-line ensiklopediyasıdır. Vikipediyanın populyarlaşmasının əsas səbəbi onun dinamik və daima yeniləşən olmasıdır. Yəni digər ənənəvi ensiklopediyalarda son hadisələr haqqında məlumat əldə etmək mümkün deyil. Vikipediyada isə müvafiq informasiya, artıq hadisənin baş verdiyindən bir-neçə dəqiqə sonra ensiklopediyaya daxil edilir.

Son zamanlar Vikipediyaya təcrübəli, yüksək intellektli istifadəçilərin cəlb edilməsi bu ensiklopediyadakı məqalələrin daha dolğun və obyektiv olmasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, dünyanın ən tanınmış kütləvi informasiya vasitələri nümayəndələri, siyasətçilər, hüquqşünaslar və digər peşə sahibləri hər hansı informasiyanı İnternetdən tez əldə etmək üçün birinci növbədə Vikipediyaya müraciət edirlər.

Vikipediyada yüksək səviyyədə təmsil olunmaq inkişaf etmiş dövlətlərin siyasətində mühüm yer tutur. Bu layihədə fəal iştirak etmək Azərbaycan üçün də çox vacibdir. Ölkəmizdə İC istiqamətində əldə olunan nailiyyətlər Azərbaycan haqqında müxtəli məzmunlu məlumatların Vikipediyada yerləşdirilməsi, vətənimizin dünyada daha yaxşı tanınması üçün real zəmin yaratmışdır.

Vikipediya vasitəsi ilə Azərbaycanın maraqlarının beynəlxalq aləmdə təbliğinə xidmət edən, müasir kompyuter və İnternet texnologiyalarından istifadə etməyi bacaran gənclərə böyük ehtiyac vardır. Həmçinin Azərbaycanın alim və mütəxəssisləri zaman-zaman əldə etdikləri təcrübə və biliklərini Vikipediyada yerləşdirməklə virtual Azərbaycanın formalaşmasına və təbliğinə xidmət etmiş olarlar.

Xalqların milli-mənəvi dəyərlərinin daşıyıcısına çevrilmiş Vikipediya dünyanın müxtəlif yerlərində yaşayan, Azərbaycan dilindən, mədəniyyətindən uzaq düşmüş həmvətənlərimizi “bir yerə toplamaq”, ana dilində müzakirələr aparmaq, problemlərini bölüşdürmək üçün əvəzolunmaz layihədir. Vikipediyanın Azərbaycan bölməsini virtual vətənin bir parçası da adlandırmaq olar. Son zamanların müşahidələri göstərir ki, Vikipediya dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların “toplandığı yerə” çevrilmişdir. Əgər real dünyada gedən tarixi proseslər nəticəsində Azərbaycan coğrafi baxımdan parçalanaraq, müxtəlif dövlətlərin ərazilərinə daxil edilmişdirsə, Vikipediyada virtual Azərbaycan bütövdür.

Xalqımızın tarixi, adət-ənənələri, musiqisi, mətbəxi və s. özəllikləri haqqında məlumatların dünyada tanınması və qorunması üçün İnternet resurslarında, ilk növbədə Vikipediyanın bütün layihələində aktiv iştirakımız vacibdir. Bu baxımdan, Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-video materialların Vikipediyaya daxil edilməsi yeni dövrün tələbi kimi qarşımızda durur. Unutmamalıyıq ki, Vikipediya vasitəsilə hansı millət öz dəyərləri və həqiqətlərini geniş təbliğ edirsə, o, İnternet mühitində mövcud olan informasiya qarşıdurmasında da üstünlük əldə edir. Şübhəsiz, bu prosesdə təkcə Azərbaycan vətəndaşları deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də yaxından iştirak etməlidirlər. Bununla yanaşı Vikipediyada milli-mənəvi dəyərlərimiz haqqında yalnız Azərbaycan dilində yox, həmçinin dünya xalqlarının dillərində, xüsusən də, populyar dillərdə çoxlu sayda kontentlər yerləşdirilməlidir.

Məlumdur ki, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız övladlarının Azərbaycan dilində təhsil almasını arzulasa da, bu heç də hamıya nəsib olmur. Vikipediya eyni zamanda Azərbaycan dilinin İnternetdə daha geniş yayılmasına və bu dildə danışan insanların, dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, bir araya gəlməsinə yardım göstərən bir virtual məktəb rolunu oynayır.

Qeyd etmək lazımdır ki, Vikipediyaya ensiklopedik məqalələrdən başqa xəbərlər, dərsliklər, elmi məqalələr, kitablar, monoqrafiyalar, şəkil, audio və video fayllar daxil etmək mümkündür. Bu məqsədlə Vikipediyada müxtəlif layihələr fəaliyyət göstərir: Vikilüğət, Vikisitat, Vikikitablar, Vikimənbə, Vikixəzinə, Vikinövlər, Vikixəbərlər, Vikiversitet, Metaviki.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda Vikipediya ilə bağlı tədqiqatlar aparılır, gənc tədqiqatçılara Vikipediya layihələrində müxtəlif kontentlərin yaradılması qaydaları tədris olunur, ictimaiyyətin bu istiqamətdə maariflənməsi üçün məqsədyönlü işlər həyata keçirilir. Son zamanlar Vikipediya ensiklopediyasının müxtəlif dil bölmələrində azərbaycanlı istifadəçilərin sayının hissediləcək dərəcədə artması və fəallığı müşahidə olunur. Belə ki, əgər 2007-ci ildə Vikipediyanın Azərbaycan bölməsində məqalələrin sayı cəmi 3 min idisə, 2010-cu ildə məqalələrin sayı artıq 36 minə çatmışdır.

Bütün bunları nəzərə alaraq demək olar ki, təqdim olunan kitabda göstərilən təlimatlardan istifadə edən oxucuların Vikipediyada daha fəal iştirakı Azərbaycan həqiqətlərinin virtual məkanda geniş təbliğinə xidmət edəcəkdir.

Vikipediya aləminə daxil olan, dünyanın ən nəhəng “kollektiv beyni” adlanan bu xəzinəyə öz töhfəsini verən hər bir azərbaycanlı unutmamalıdır ki, bu fəaliyyəti ilə o, ilk növbədə öz vətəninə xidmət etmiş olur. Bu baxımdan Azərbaycan maraqları təkcə real yox, həm də virtual dünyada təbliğ olunmalıdır. Beləliklə, əgər biz istəyiriksə:

• Azərbaycanın maraqlarını dünya ictimaiyyətinə catdıraq;

• dünya azərbaycanlılarını “bir yerə yığaq”, ümumi informasiya məkanı yaradaq;

• tariximizi, dilimizi, müsiqimizi, ədəbiyyatımızı, adət-ənənəmizi qoruyub saxlayaq;

• bizlərə mənsub dəyərlər təhrif olunmasın, başqaları tərəfindən saxtalaşdırılmasın, oğurlanmasın;

• kimlərinsə əlində olan yeganə qramafon valında və ya kasetdə saxlanılan nadir musiqi nümunələrimiz, nəğmələrimiz itməsin, qiymətli kitablar, tarixi sənədlər, eksponatlar və s. kimi incilərimiz zaman keçdikcə müxtəlif aşınmalar nəticəsində məhv olmasın, əbədiyyətə qovuşsun, onlardan indiki və gələcək nəsillər istifadə edə bilsin;

• bizə qarşı informasiya hücumlarının qarşısını alaq, virtual təcavüzlərlə, yalanlarla, böhtanlarla fəal mübarizə aparaq;

• və nəhayət, virtual məkanda sizləri, sizlərin daxili dünyasında mövcud olan “məni” tanısınlar,

O zaman Vikipediya dünyasına daxil olmalıyıq, onun imkanlarından geniş istifadə etməli, ümumiyyətlə, Virtual Azərbaycanı formalaşdırmalıyıq.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, böyük elmi işçi İradə Ələkbərova